10.09.2009 XƏTAİ RAYONUNDA ÖTƏN TƏHSİL İLİNDƏ ƏLDƏ OLUNMUŞ UĞURLAR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
XƏTAİ RAYONUNDA ÖTƏN TƏHSİL İLİNDƏ ƏLDƏ OLUNMUŞ UĞURLAR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 10 sentyabr (AzərTAc). Xətai rayonunda ötən təhsil ilində əldə olunmuş uğurlar, məktəblərin 2009/2010-cu tədris ilinə hazırlığının vəziyyəti və pedaqoji kollektivlərin qarşısında duran vəzifələr müzakirə olunmuşdur.
Pedaqoji işçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə rayon icra hakimiyyətinin (RİH) başçısı Razim Məmmədov Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində son illərdə respublikada, o cümlədən Xətai rayonunda həyata keçirilən işləri faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, təhsil müəssisələrinin sayına görə paytaxtın ən böyük rayonlardan biri olan Xətai rayonunda hazırda 37 orta və 47 məktəbəqədər təhsil müəssisəsi, 2 yeniyetmələrin yaradıçılıq mərkəzi, 1 ixtisaslaşdırılmış Olimpiya Ehtiyatı Gənclər İdman Məktəbi və 1 uşaq evi fəaliyyət göstərir.
RİH başçısının müavini İslamxan Əliyev məruzə etmişdir. Bildirmişdir ki, 2008/2009-cu təhsil ilində rayonun məktəblərində 44 mindən artıq şagird təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 4 min 741 müəllimin məşğul olur. Bunlardan 11 nəfəri “Əməkdar müəllim” adına, 1 nəfər “Şöhrət” ordeninə, 2 nəfər “Tərəqqi” medalına, 2 nəfər isə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür.
Məlumat verilmişdir ki, bu il rayonun orta məktəblərini bitirmiş 3 min 218 nəfər məzundan 1464 nəfəri tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olunmuş abituriyentlərdən 229 nəfəri 500-600, 62 nəfəri 600-650, 18 nəfəri isə 650-700 arası bal toplamışdır. 17, 48, 147, 245, 261, 287 nömrəli orta məktəblərin və Heydər Əliyev adına liseydən ali təhsil ocaqlarına daha çox gənc məzun qəbul olunmuşlar. Rayon üzrə keçirilmiş “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqəsində 17, 191, 204, 249, 261, 264 nömrəli orta məktəblər, eləcə də Heydər Əliyev adına liseyin, 147, 191, 204, 245, 264 və 287 nömrəli orta məktəblərin müəllimləri qaliblər arasında olmuşlar.
Tədbirdə 2008/2009-cu dərs ilində yüksək göstəricilər əldə etmiş məktəblərlə yanaşı, zəif nəticələr göstərmiş təhsil ocaqları da qeyd edilmiş, bu məktəblərdə görülməsi vacib məsələlər və onların həlli yolları müzakirə olunmuşdur.