05.10.2007 BAKININ XƏTAİ RAYONUNDA HEYDƏR PARKININ VƏ ULU ÖNDƏRıN ABİDƏSİNİN AÇILIŞI OLMUŞDUR

Oktyabrın 3-də Bakının Xətai rayonunun Yeni Əhmədli yaşayış sahəsində, Ukrayna meydanı yaxınlığında yenidən qurulmuş Heydər parkının, habelə ümummilli liderin abidəsinin təntənəli açılışı olmuşdur.
Mərasimə toplaşan minlərlə sakin Azərbaycan Prezidenti İlham Əliyevi hərarətli, sürəkli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev ulu öndərin abidəsinin üzərindən ağ örtüyü götürdü, heykəlin önünə gül dəstəsi qoydu, parkla yaxından tanış oldu. Məlumat verildi ki, 2000-ci il iyunun 3-də Prezident Heydər Əliyev bu parkın açılışında olmuş, sakinlərlə görüşmüşdür. Ərazinin genişləndirilməsi və əhalinin mənalı istirahətinin müasir tələblərə cavab verən səviyyədə təmin olunması məqsədi ilə bu ilin əvvəlindən parkda abadlıq, əsaslı yenidənqurma işlərinə başlanmış, ulu öndərin abidəsi ucaldılmışdır. Heykəlin müəllifi Aslan Rüstəmovdur.
Ümumilikdə 13 hektar ərazisi olan parkın 5 hektarı rayonun daxili imkanları hesabına abadlaşdırılmışdır. Gələcəkdə digər sahələr də müasir səviyyəyə çatdırılacaqdır. Çin texnologiyası əsasında musiqili, rəngli fəvvarə quraşdırılmış, on mindən çox ağac, bəzək kolu, gül-çiçək əkilmiş, çoxlu oturacaq qoyulmuş, iki min kvadratmetr sahədə yaşıllıq salınmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın yuxarı hissəsindəki yamacda düzəldilmiş süni şəlalə buraya xüsusi gözəllik verir. Parkın girəcəyində isə milli memarlıq üslubunda hazırlanmış böyük giriş qapısı tikilmişdir.
Prezident İlham Əliyev burada belə bir istirahət guşəsinin yaradılmasından məmnun qaldığını bildirdi. Dövlətimizin başçısı şəlalənin yaxınlığında vaxtilə ulu öndərin əkdiyi ağacın yanında ağac əkdi və onu suvardı. Şəlalə “Koroğlu” operası uvertürasının sədaları altında işə salındı.
Videogörüntülər vasitəsilə ulu öndərin burada sakinlərlə görüşündə söylədiyi “Vaxtilə Əhmədli qəsəbəsi deyəndə, şəhərin mərkəzində yaşayanlar buranı kənd hesab edirdilər. Bəziləri deyirdi ki, “yox, mən gərək şəhərin mərkəzində yaşayam”. Amma mən o vaxt da buranı görmüşdüm və indi də baxıram ki, bura şəhərin mərkəzindən nə qədər gözəldir. Çünki buranın havası yaxşıdır, bura yüksəklikdədir, belə gözəl ağaclar əkilib, yaşıllaşıbdır, insanlar da məskunlaşıblar. Ona görə də şəhərin mərkəzində yaşayanlar səhv edirlər. Gəlib burada yaşamaq lazımdır. Mən xahiş edəcəyəm ki, mənə burada bir mənzil versinlər” sözləri maraqla dinlənildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Xətai rayonunun sakinləri ilə görüşdü, onları təbrik edərək dedi:
-Yeddi il bundan əvvəl ulu öndər burada olmuşdu, həm ağac əkmiş, həm də parkın açılışını etmişdir. İndi park yenidən qurulmuşdur. Rayon icra hakimiyyəti burada böyük işlər görübdür. Burada istirahət etmək üçün bütün imkanlar var. Çox gözəl yerlər, fəvvarələr var, oturmaq üçün yer kifayət qədərdir. Həm də çox müasir, gözəl parkdır, çox nadir xüsusiyyətləri var və belə də olmalıdır. Çünki bura çox böyük bir yaşayış massividir. Burada minlərlə insan yaşayır. Onlar üçün belə gözəl parkın yaradılması böyük işdir. Mən də məhz parkın yenidən açılışına və sizinlə görüşə gəlmişəm.
Sakinlər Prezident İlham Əliyevə Bakı şəhərinin, o cümlədən bu qəsəbənin abadlaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər, ulu öndərin tarixi xidmətlərini xatırladılar.
Sonra Prezident İlham Əliyev Ukrayna meydanına gəldi. Buraya rayonun on minlərlə sakini toplaşmışdı. Gurultulu, hərarətli alqışlarla qarşılanan dövlətimizin başçısı sakinləri səmimiyyətlə salamladı, onlarla xatirə şəkilləri çəkdirdi.
Açılış mərasimi geniş konsert proqramı ilə başa çatdı.